Muxtar respublikada şəhid ailələrinin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanası Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə  ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir. Şəhid ailələrinə ödənişsiz tibbi xidmət aksiyasının növbəti ünvanı  Ordubad  rayonu olub.

Aksiyalarda şəhidlərin ailə üzvləri  heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, terapevtik, cərrahi, uroloji, stomatoloji, endokrinoloji və digər tibbi xidmətlərdən yararlanıblar.

6 şəhid ailəsindən olan 20 nəfərdə 72 müayinə aparılıb. Terapevtik, kardioloji, rentgenoloji, laborator, stomotoloji, nevroloji və digər müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib. 1 nəfər 1-ci qrup əlil şəhid ailəsi fizioterapiya müayinəsi, 3 nəfər isə MRT və digər müayinələr üçün mərkəzə dəvət edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da davam etdiriləcək.