Naxçıvan Muxtar Respublikası Xəstəxanası Haqqında Məlumat

Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanası insanların ümid yerinə çevrilib.   

Naxçıvan Muxtar Respublika Xəstəxanası insanların ümid yerinə çevrilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasında  yaradılan şəraitlə yanaşı, göstərilən xidmət də nümunəvidir.  İnsan üçün ən şirin nemət sağlamlıqdır. Amma xəstəliklərdən də heç zaman sığortalanmamışıq. Xoşbəxtik ki, artıq muxtar respublikamızda səhiyyənin inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. İndi səhiyyə infrastrukturunda aparılan islahatlar nəticəsində yeni nailiyyətlər əldə olunur.

Səhiyyə müəssisələrinin təmir və bərpası, müasir tibbi avadanlıqlarla təchiz olunması və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsini xüsusilə qeyd etməliyik. Bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin qayğısı ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. 2015-ci ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə xəstəxananın binası istifadəyə verilib. 

Açılış mərasimində çıxış edən Dövlət Başçısı Cənab İlham Əliyev deyib: 

 “Xəstəxana ən yüksək standartlara cavab verir. Xarici görünüşü də çox gözəldir, əzəmətlidir, bir memarlıq əsəridir. Eyni zamanda burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir, ən qabaqcıl firmaların istehsalı olan avadanlıq quraşdırılıb. Bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infra­strukturunun yaradılması prosesi başa çatır”. 

Yeni səhiyyə ocağının binasının istifadəyə verilməsindən uzun bir zaman keçməyib. Bəs bu müasir xəstəxana binasının istifadəyə verilməsi ilə hansı dəyişikliklərə nail olunub? Ümumiyyətlə, bu şəfa ocağında əhaliyə necə səhiyyə xidməti göstərilir? Əhali onlara göstərilən xidmətdən razıdırmı? Bu suallarımıza cavab tapmaq üçün xəstəxanaya üz tutmaq kifayətdir. 

Xəstəxanamızda daima qaynarlıq hökm sürür. Səhiyyə ocağının dəhlizlərində adamların çoxluğu diqqətdən yayınmır. Ancaq bu, o demək deyil ki, gördüyümüz insanların hamısı xəstədir. İnsanlarla söhbət etsək görərik ki, artıq əhali hər hansısa ağır xəstəliyə düçar olanda xəstəxanaya üz tutmur. Onlar xəstəxanada yaradılan şərait və onlara göstərilən nümunəvi xidmətdən bəhrələnərək tez-tez ambulator müayinələrdən keçirlər.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 19 şöbə və 6 bölmə fəaliyyət göstərir. Xəstəxanada işləyən həkimlərdən 6 nəfər tibb elmləri namizədi, 2 nəfər Azərbaycan Respublikasının Əməkda həkimi, 4 nəfər Naxçıvan Muxtar Respublikası Əməkdar həkimi, 1 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Xəstəxanamızın həkimlərinin əksəriyyəti Türkiyənin müxtəlif xəstəxana və araşdırma mərkəzlərində ixtisasartırma kurslarında iştirak ediblər. 

Xəstəxanada  Travmatologiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Ümumi terapiya, Nevrologiya, Hematologiya, Göz xəstəlikləri, Burun-qulaq-boğaz, Endokrin xəstəliklər, Urologiya, Cərrahiyyə, Neyrocərrahiyyə, Reanimasiya və Reabilitasiya şöbələri fəaliyyət göstərir. Xəstəxanada Pulmonologiya, Qastroenterologiya, Hemodializ kimi stasionar bölmələr, həmçinin Qəbul, Radiologiya, Laboratoriya, Konsultativ diaqnostik poli­klinika, Mərkəzi qan bankı, Dərman vasitələrinin mərkəzləşmiş analitik ekspertiza laboratoriyası şöbələri də vardır. Fizioterapiya, Hidroterapiya, Naftalan nefti ilə müalicə, Əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarındadır. 94-ü həkim olmaqla, 562 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkündür. Konsultativ-diaqnostik poliklinika şöbəsində ekq-exo, eeq, emq, LOR və göz kabinələri, 2 stomatoloq, ginekoloq, revmotoloq, terapevt və USM kabinetləri fəaliyyət göstərir. Şöbədə tibbin ən son yeniliklərinə yiyələnmiş kadrlar çalışır. Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxanada çalışan həkimlərin əksəriyyəti Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin məzunlarıdır. Naxçıva Muxtar Respublikası Mərkəzi Xəstəxanası Muxtar Respublika əhalisinə və tibb işçilərinə əvəzsiz töhfədir. Xəstəxanada müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə sayır. Müayinə apardığımız cihazlar Yaponiya, İtaliya və Amerika istehsalı olan yüksək analitik həssaslığı və dəqiqliyi olan cihazlardır. Biokimyəvi analizatorlarımızdan Cobas c-311 və Cobas e-411 markalı cihazlar Yaponiya istehsalıdır. 

Muxtar Respublikada insanların sağlamlığının qorunması əsas vəzifə kimi qarşıya qoyulub. 

Bu gün Muxtar Respublikada insanlar işıqlı, müasir binalarda, təmiz havalı otaqlarda işləmək imkanı qazanıblar. Yaşayış binaları təmir olunur, hər bir bina istilik sistemi ilə təmin edilir, bulaq suları evlərimizdək çəkilib gətirilir. Bütün bunlar sağlamlığımıza tükənməz qayğıdır. Uzun illər əvvələ qayıtmaq istəyirəm. Soyuq divarlar arasında, qış aylarında nəfəs bilinən otaqlarda yaşayan, çalışan, əllərini ovxalaya-ovxalaya həsrətlə işığın yanan saatını gözləyən insanları yaxşı xatırlayıram. Bəs indi? Möhtəşəm bina, yaradılan yüksək şərait. Yaradılan şəraitlə yanaşı, paytaxt Bakıdan, başqa ölkələrdən həkimlərin dəvət olunması, tibb işçilərinə müasir avadanlıqlardan istifadənin öyrədilməsi, biliklərinin təkmilləşdirilməsi məqsədilə həkimlərin xarici ölkə­lərə göndərilmələri uğurlu nəticələrə səbəb olur. Bütün bunlara görə Dövlətimizə, Dövlət Başçımız Cənab İlham Əliyevə  minnətdarıq. 

Hələ yolumuz uzundur. Həkimlik elə bir peşədir ki, o, daim yeniliyi, öyrənməyi tələb edir. Kollektivimiz nümunəvi xidməti ilə bu xəstəxananı nəinki Muxtar Respublikada, hətta Azərbaycanda tanınmış səhiyyə ocaqlarından birinə çevirir. Bu xəstəxana binası ölkəmizdə insan amilinin ön planda dayandığını göstərir. Elə xəstəxanada hansı vətəndaşla həmsöhbət oldsaq, onlar belə xəstəxana binasına görə dövlətimizə minnətdarlıqlarını bildirirlər. Əvvəllər onlar adi bir xəstəlikdən ötrü yüz kilometrlərlə yol getmək məcburiyyətində qalırdılar. İndi isə həm öz görkəmi ilə gözoxşayan, həm də nümunəvi səhiyyə xidməti ilə seçilən mərkəzi xəstəxana muxtar respublika əhalisinin sağlamlığının keşiyində dayanıb.

Naxçıvan Muxtar Respublikası xəstəxanasının hazırki heyrətamiz vəziyyəti Cənab Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsdir!

Muxtar Respublikamızda yaradılan bu cür binalar və belə müasir texnoloji avadanlıqların insanların istifadəsinə verilməsi bir daha sübut edir ki, Ölkə və Muxtar Respublika Rəhbərliyi insanlarımızın sağlamlığı üçün çox böyük diqqət və qayğı göstərirlər.

Xəstəxana Rəhbərliyi

Dr. Abbasov Ramazan

Neyrocərrah, Baş Həkim səlahiyyətlərini müvəqqəti icra edən baş həkimin müavini

Bizim Məqsədimiz Sizin Sağlamlığınızdır!

Qəbula Yazıl

Qəbula Yazıl

Xəstəxamızda istənilən həkim müayinəsinə və ya xidmətə online yazıla bilərsiniz.
İxtisaslı Həkim Müayinəsi

İxtisaslı Həkim Müayinəsi

Peşəkar həkimlərimiz sizin sağlamlığınız üçün çalışırlar.
Uğurlu Müayinə

Uğurlu Müayinə

Naxçıvan Mərkəzi Xəstəxanasının həkimlərinin müayinələrdə və müalicələrdə uğur faizi 98%-dir.
Xoşbəxt Gülümsəmək

Xoşbəxt Gülümsəmək

Bizim tək məqsədimiz sizin sağlamlığınızdır. Hər uğurlu müalicə bir xoşbəxt gülüş deməkdir!